XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
12 Sentyabr, 2026
Muzeydə 2022-ci il sentyabr döyüşlərinə aid materiallar qorunur

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.

Həmin döyüşlərdə Azərbaycan tərəfindən 80 hərbi qulluqçu şəhid olub və 2 mülki şəxs xəsarət alıb. Düşmənin 53 döyüş mövqeyi məhv edilib və strateji əhəmiyyətə malik 8 mühüm yüksəklik nəzarətə götürülmüşdür.

MATM-nin Vətən Müharibəsi fondunda 2022-ci ildəki ikigünlük sentyabr döyüşlərində şəhid olanlardan leytenant Hüseynov Erkin Ədalət oğlunun və gizir Məmmədov Məhəmməd Bilal oğlunun şəxsi əşyaları qorunur.

Leytenant Hüseynov Erkin Ədalət oğlu 12 oktyabr 1998-ci ildə Gəncə şəhərində anadan olub. 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Erkin Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.Vətən Müharibəsi fondunda şəhid Erkin Hüseynova məxsus hərbi səhra sviteri, köynək, şərf, səhra furajkası, kəmər, zabit çantası, poqonlar, mobil telefon, pul qabı və s. əşyalar ilə yanaşı sertifikatları və fotoşəkilləri qorunur.

Gizir Məmmədov Məhəmməd Bilal oğlu 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və 2022-ci il sentyabrın 12-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən Müharibəsi fondunda şəhid gizir Məmmədov Məhəmmədə məxsus hərbi səhra furajkası, qeyd dəftəri, qol nişanı, Azərbaycan bayrağı və hərbi xidməti dövründə çəkilmiş 5 ədəd fotoşəkil mühafizə edilir.