Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq məşhur xeyriyyəçi, mesenat H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəsli milli-mənəvi dəyərlərə sahib çıxmağa təşviq etmək məqsədilə bir sıra dərslər keçirilir. Həmçinin muzeydə "H.Z.Tağıyev klubu” da fəaliyyət göstərir.
Xatırladaq ki, 2021-ci il 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin anadan olmasın 200 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib. Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib.
H.Z.Tağıyevin ev muzeyində keçirilən interaktiv dərsdə Bakı-İstanbul liseyinin şagirdləri iştirak edib. Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova şagirdlərə H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib, daha sonra H.Z.Tağıyevin ev muzeyinə təşkil olunan ekskursiyada muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası haqqında şagirdlərə ətraflı məlumat verilib.
İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən 7-16 yaş qrupu üçün nəzərdə tutulmuş intellektual oyun təşkil olunub. Şagirdlərdə yüksək fəallıq yaradan bu oyun onların müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır.