“Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən Müharibəsinin qaziləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov qonaqları salamladı və şəhid ailələrinə səbr diləyərək, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin muzeydə hər zaman əziz tutulduğunu qeyd etdi. Sonra F.Cabbarov muzeydə yaradılan Vətən Müharibəsi fondu və şəhidlərə həsr edilmiş sərgi, tədbirlər barədə ətraflı məlumat verdi. Həmçinin bu istiqamətdə işlərin davam etdiriləcəyini və Vətən Müharibəsinin iştirakçıları haqqında (MATM materialları əsasında) kitabın hazırlanacağını da bildirdi.
Daha sonra Muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın təşkilatçılığı və Azərbaycan Respublikasının Şəhid Ailələri , Səbail rayonu Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi şöbəsinin, Xətai rayonu Yeni İctimai Nəzarət Təşkilatı şöbəsinin dəstəyi ilə dəvət olunmuş qonaqlara H.Z.Tağıyevin xatirə muzeyi haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, şəhidlərin xatirə əşyalarının qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi üçün ən etibarlı yer məhz muzeylərdi. Milli Azərbaycan Tarixi Muzeyində də toplanılan xatirə əşyaları muzey əməkdaşları tərəfindən yüksək diqqət və qayğı ilə mühafizə edilir.
Sonda "Zefer TV v-n" kanalının sədri və baş redaktoru, I və II Qarabağ müharibəsi qazisi Məhərrəm Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Sahibə Ələkbərovaya Fəxri Fərman təqdim edildi.
Qeyd edək ki, şəhid ailələri və qazilərin mədəni reabilitasiyasına dəstək göstərmək məqsədilə muzeyə belə ekskursiyaların davamlı şəkildə təşkil ediləcəyi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.