Milli Azərbaycan Tarixi Muzeyi 1 mart 2022-ci il tarixində - Od çərşənbəsi günü ziyarətçiləri əfsanələr dolu sərgiyə dəvət edir. Birinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Əjdər Qafarovun sərgsinin adı Azərbaycan nağıllarının son cümləsi ilə “Göydən üç alma düşdü” adlanır.
Cəbhə xatirələri, eləcə də vətənpərvərlik və batal janrında bir sıra rəsm əsərləri, həmçinin “Qarabağ atı”, “1175-ci il dəniz döyüşü” və s. animasiya filmləri üçün rəsmlər çəkmiş Əjdər Qafarovun yaratdığı nağıllar dünyasının rəngarəng aləmi sizə bu Novruz günlərində şux əhval-ruhiyyə bağışlamaqla nağıllarımızın bildiyimiz və bilmədiyimiz məqamları haqqında düşünməyə dəvət edəcək. Hər bir nağıl fraqmentinin təsviri rəssamın öz xəyalının nəticəsidir – Məlikməmmədi və divi, Göyçək Fatma və Cırtdanı biz məhz rəssamın gözü ilə görürük.
Əjdər Qafarov Bakıda anadan olub, burada yaşayıb yaradıcılıqla məşğuldur. Uşaq yaşlarından rəssamlığa böyük həvəs göstərərək həqiqi hərbi xidmətdən qayıdandan sonra Rəssamlıq peşə məktəbində oxumuş və Elmi Bərpa Mərkəzində işləmişdir. Mərkəzdə çalışdığı dövrdə o, Azərbaycan və dünya klassiklərinin əsərləri ilə tanış olmuş, işgüzarlığı və bilikləri sayəsində rəngkarlıq üzrə bərpaçı-rəssam kimi tanınmışdır. Lakin 1991-ci ildə Vətən səmasını qara buludlar tutanda rəssam öz fırçasını avtomatla əvəz etmişdir, Birinci Qarabağ müharibəsində iştirak etmiş, yaralanmışdır. Əsgər kimi hərbi xidmətə başlayan Əjdər Qafarov 1997-ci ildə gizir rütbəsində ordu sıralarından tərxis olunmuşdur. İlk dövrlərdə yaradıcılığının əsasını cəbhə xatirələri və batal janrı təşkil edən rəssam tədricən uşaqlar üçün animasiya filmləri və kitabların tərtibatında iştirak etmişdir. 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində bərpaçı- rəssam kimi çalışan, həmçinin muzeyin ekspozisiyası və sərgiləri üçün tarixi mövzularda əsərlər yaradan rəssam uşaqlara olan sevgisini nağılların illüstrasiya olunmasında biruzə verməklə davam edir.
2022-ci ilin baharın ilk günlərində Əjdər Qafarov sənətsevərlərə nağıllarımız mövzusuna həsr olunan əsərlərdən ibarət kolleksiyanın yer aldığı “Göydən üç alma düşdü” fərdi sərgisini təqdim edir.
Sərginin iş rejimi: 1 – 7 mart 2022 (giriş sərbəstdir, pulsuzdur)
Sərgidə COVİD 19 pandemiyası ilə bağlı qaydalara riayət olunması (tibbi maska taxmaq, sosial məsafə saxlamaq) mütləqdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.