AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji kolleksiyası (Son Tunc-Erkən Dəmir dövrü) ilə əlaqədar Almaniyanın Vürzburq (Würzburg) Universitetinin (qədim Yaxın Şərq arxeologiyası) əməkdaşı Prof. Dr. Martin Gruber və həmin universitetin tələbəsi Silviya Kömm tərəfindən tədqiqatlar aparılır.
Qeyd edək ki, Gerda Henkel Stiftung fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində aparılan tədqiqatın məqsədi Xocalı-Gədəbəy mədəniyyətinin maddi nümunələrini araşdırmaqdır. Layihənin icrası zamanı ötən əsrdə aparılan arxeoloji qazıntıların nəticələrinin dərindən öyrənilməsi, eyni zamanda muzeyin fondunda saxlanılan tapıntıların müasir üsullarla yenidən qiymətləndirilməsi və təqdim edilməsi nəzərdə tutulur.
Muzeydəki bu mühüm arxeoloji kolleksiya Xocalı-Gədəbəy mədəniyyətinin xronoloji və regional inkişafı, onun Cənubi Qafqazda Son Tunc və Erkən Dəmir dövründəki rolu ilə bağlı yeni tədqiqatlara yol açacaqdır.
Tədqiqatlar 2022-ci il mart ayının 19-dək davam edəcəkdir.