Bu gün, 28 mart 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə “Mart soyqırımı - İnsanlığa qarşı cinayət” adlı elmi seminar keçirilib.
İlk olaraq tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə ÜTTTT kafedrasının müdiri t.e.d. Sevinc Əliyeva açaraq, iştirakçıları təqdim etdi.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva bildirdi ki, Mart soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşsə də, hələ də özünün tam hüquqi qiymətini almamışdır. O, Mart soyqırımı haqqında çıxışının sonunda bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğuladı.
Elmi seminar muzeyin aparıcı elmi işçiləri- t.ü.f.d., dosent Bəhmən Kərimovun “1918-1920-ci illərdə Şimali Azərbaycanın cənub-şərq regionunda bolşevik-erməni daşnaklarının törətdiyi qırğınlar”, t.ü.f.d. Əli Fərhadovun “XX əsrin əvvəlləri Qacarlar dövründə missionerlik və müsəlmanlara qarşı soyqırımlar” adlı məruzələri ilə davam etdi.
Həmçinin muzeyin elmi işçi Ləman Musayeva “Soyqırımın gənc nəslə muzeylər vasitəsi ilə təbliği” və muzeyin əməkdaşı Elmira Əliyeva “1918 ci il mart soyqırımı zamanı Bakıda dağıdılmış mədəniyyət abidələri” adlı məruzələri ilə çıxış etdilər.
Sonda verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.