XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində "Allah mədəni" (“Bojıy promısel”) adlanan məşhur balıqçılıq müəssisəsi fəaliyyət göstərirdi. Lakin müəssisədə yanğın baş verməsi səbəbi ilə 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə indiki Neftçala rayonunun Bankə qəsəbəsinə köçürülür.
XIX əsrdə Bankənin adı bütün Avropada məşhur idi. Burada zəngin balıq vətəgələri və iri balıqçılıq müəssisəsi vardı. Belə müəssisələrdən birinin sonuncu sahibi də məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyev olmuşdur. Belə ki, Bankədə istehsal olunan qara kürünün dadı və şöhrəti hətta Amerikaya qədər yayılmışdır. Bankə çoxmillətli qəsəbə idi. Burada yerli əhalidən başqa çoxlu sayda cənubi azərbaycanlılar, ruslar, tatarlar, gürcülər və s. millətlərdən olan yüzlərlə muzdlular çalışırdı. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bu səbəbdən Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində, balıqçı gəmisində yaradıldı. Aptek XX əsrin əvvəllərində Bankə balıq vətəgəsinin binasına- indiki binaya köçürülmüşdür. Qırmızı kərpicdən tikilən bu qədim binanın isə iki əsrə yaxın yaşı var.
Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik olan aptek nəinki yerli əhalinin, hətta regionda yerləşən qonşu kənd, qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyirdi. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən də həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə üz tuturdular. Aptek binasının ikinci mərtəbəsindən 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimi də istifadə olunmuşdur. Aptek əvvəllər olduğu kimi, bu gün də əhaliyə xidmət edir.
Qeyd edək ki, muzeyin fondlarının zənginləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələrin Elmi Fondu şöbəsənin əməkdaşı Nərmin Nəzərova Neftçalaya getmiş və aptekin müdiri Vüqar İsmayılovla görüşmüşdür. V.İsmayılov tərəfindən muzey əməkdaşına həmin aptekə aid dəyərli materiallar təqdim edilmişdir.
N.Nəzərova vasitəsilə materiallar muzeyin aidiyyatı fondlarına təhvil verilmişdir.