XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
11 Aprel, 2022
Muzeyin dəyərli inciləri sırasına yeni qızıl baş bəzəyi daxil olub

Azərbaycanda bədii metal sənətinin tarixi kökləri metalişləmənin erkən təşəkkül mərhələsi ilə bağlı olsa da, zərgərlik məmulatı istehsalının inkişafı nisbətən sonrakı dövrlərə təsadüf edir. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan müxtəlif çeşiddə qızıl və gümüş məmulatı – bilərzik, toqqa, boyunbağı, üzük, sırğa, baş bəzəyi və s. yerli sənətkarların ustalığından, onların texniki cəhətdən yüksək inkişaf səviyyəsindən xəbər verir.

Xalqımızın mədəni irsinin toplanması, qorunması və təbliğini prioritet vəzifə kimi qarşıya qoyan Milli Azərbaycan Tarixi Muzeyi geyim mədəniyyətimizin ayrı-ayrı növlərindən ibarət çox zəngin kolleksiyaya malikdir və həmin kolleksiyanın mütəmadi olaraq zənginləşdirilməsinə xüsusi diqqət və qayğı göstərir. Bu məqsədlə muzeyə qızıl işləməli yeni material – qadın baş bəzəyi daxil olmuşdur.

Alınlıq kimi istifadə olunan, XIX əsrin sonu XX əsrin əvvəlinə aid baş bəzəyi öz gözəlliyi ilə seçilir. Muzey kolleksiyasına yeni daxil olmuş baş bəzəyi doqquz ədəd minalı, gül ləçəkləri formasında qızıldan hazırlanmış lövhələrdən ibarətdir. Hər lövhənin mərkəzi hissəsi səkkizgüşəli göy, qırmızı, yaşıl minalı ulduz formasındadır. Gül ləçəklərinin hər birinin mərkəzinə qaş qoyulub. Qaşın ətrafı xırda mirvarilərlə bəzədilib. Beşinci lövhəyə ucunda yarpaq şəkilli qızıl qarmağı olan zəncir bərkidilib və arxadan yüksək əyarlı gümüş lövhəciklərlə bir-birinə bəndlənib.

Muzeyin Xüsusi fondunda qorunan, müxtəlif dövrlərdə istehsal edilən zərgərlik məmulatı yerli ustaların kamil sənətini, yüksək bacarığını nümayiş etdirir.

Muzeyə verilən məlumata əsasən qeyd edək ki, baş bəzəyi Kərbəlayi Abbasqulu Əhmədzadənin (1887-1962) ailə üzvünə məxsus olmuşdur. A.Əhmədzadə vaxtilə Bakıda, keçmiş Sovetskiy küçəsində (indiki Nəriman Nərimanov prospekti) həm aptek sahibi, həm də provizor- yüksək ixtisaslı aptek işçisi kimi fəaliyyət göstərmişdir.