Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix. İnsan. Cəmiyyət” elmi-nəzəri və elmi- metodik jurnalında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d., dosent Sənubər Qasımovanın “Bakı şəhər Bələdiyyəsinin 1919-cu il istiqrazının tarixinə dair” və muzeyin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovanın “Cəlilabad sikkə dəfinəsi Hülakülərin ticarət əlaqələrini açıqlayır” adlı məqalələri nəşr edilib.
S.Qasımovanın məqaləsində fondun “Bonistika” bölməsində olan Bakı şəhər Bələdiyyəsinin 1919-cu il istiqrazının ilk daxili uduşlu biletləri tədqiq edilib. Muzeyin Bərpa laboratoriyasında bərpa edilən həmin qiymətli kağızlar hazırda fonddakı xüsusi kağız zərflərdə saxlanılır. 1919-cu ilin Bakı şəhər Bələdiyyəsinin 500 manat dəyərində olan daxili faizsiz istiqrazları şəhər təsərrüfatının maliyyə vəziyyətinin tənzimlənməsində xüsusi əhəmiyyətə malik olub. Həmçinin yerli əhalinin etimadını qazanmaqla Azərbaycan Cumhuriyyətinin pul dövriyyəsində digər kağız pullarla birgə istifadə hüququ qazanmışdır.
A.Məmmədovanın məqaləsində ilk dəfə olaraq muzeyin Numizmatika Fondunda qorunan 1980-ci ildə Cəlilabad rayonunun Muğan kəndində aşkarlanmış sikkə dəfinəsi ətraflı tədqiq edilib. 109 ədəd gümüş dirhəmdən ibarət bu dəfinə hicri 697 – 723-cü (1297 – 1323) illərə aid gümüş dirhəmlərdən ibarətdir. Çəkisi 2 ilə 5 q arasında dəyişən belə dirhəmlər Naxçıvan, Bazar, Təlli Aras, Ərzurum, Ərzincan, Sivas, Təbriz, Damqan, Kaşan, Şiraz, Kerman, İsfəhan, Marağa, Həmədan, Zəncan, Soltaniyyə, Savə, Vastan, Bağdad zərbxanalarında istehsal edilib. Hülakü (Elxani) hökmdarları – Qazan Mahmud (hicri 694 – 703 = 1295 - 1304), Ulcaytu Xudabəndə Muhəmməd (hicri 703 - 716 = 1304 - 1317) və Əbu Səid (hicri 716 – 736 = 1317 - 1336) dövrünün pul təsərrüfatını açıqlamağa yardım edən bu sikkə dəfinəsi Azərbaycanın Türkiyə, İran və İraq ilə ticarət əlaqələri büruzə verir. Məqalədə belə gümüş dirhəmlər üzərindəki yazılar açıqlanmış, dövrün sikkələrinin təsnifatı və pul təsərrüfatı haqqında məlumat verilmişdir.