Beynəlxalq Muzeylər Günündə Mingəçevir Dövlət Universiteti tərəfindən tələbələr üçün “Maddi-mədəni sərvətimiz: Milli Azərbaycan Tarixi Muzeyi” adlı tədbir təşkil edilib. Tədbir Zoom platforması üzərindən baş tutub.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin dosenti, Humanitar Fənlər Kafedrasının müdiri Esmira Cəfərova Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muzeylərin qorunması və inkişafı üçün verdiyi sərəncamların əhəmiyyətindən, Beynəlxalq Muzeylər Gününün Azərbaycanda qeyd olunması tarixindən bəhs edib. E.Cəfərova Universitet adından muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlını və bütün muzey kollektivini peşə bayramları münasibəti ilə təbrik edib.
Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova Cənubi Qafqazın ən böyük və zəngin elmi-tədqiqat və təbliğat muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinin 100 ildən çox tarixi ərzində göstərdiyi fəalliyyətindən, müasir dövrdə muzeyin strukturu və elmi fəaliyyəti haqqında məlumat verdi. Tədqiqatçı alim tələbələrə Etnoqrafiya fondunun timsalında muzeydə materialların xüsusi qayğı, diqqətlə qorunması barədə danışıb və fondun necə qurulması, yönləndirilməsi üsullarını əyani şəkildə nümayiş etdirib.
Daha sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva “Gənclərin milli şüurunun formalaşmasında muzeylərin rolu” məruzəsində gənc nəslin milli şüurunun formalaşması üçün muzeydə həyata keçirdiyi muzey pedaqogikası işindən danışıb.
Sonda Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva virtual ekskursiya təşkil edərək, izləyiciləri muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” sərgisi və H.Z.Tağıyevin ev muzeyi ilə tanış edib.
Məruzəçilərin çıxışları, eyni zamanda ekskursiya izləyicilər tərəfindən maraqla qarşılanıb.