Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə keçən iclasda ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları, AMEA Rəyasət Heyətinin tapşırıqları ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq cari ilin noyabr ayında muzeydə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyinə həsr olunmuş sərginin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar sərginin ilkin planı hazırlanıb, muzeyin fondlarında, həmçinin ölkə arxivlərində qorunan materiallar toplanıb, müvafiq mətnlər hazırlanıb.
Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov cari ildə yerinə yetirilmiş məsələlər barədə ətraflı məlumat verib və şöbələrin yarımillik hesabatları dinlənilib.
İclasda Qarabağ tarixinin ayrı-ayrı problemlərinin tədqiqi istiqamətində də işlərin görüldüyü vurğulanıb. Problem üzrə F.Cabbarovun “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906-cı illər)” adlı monoqrafiyasının çapa hazırlanması xüsusi ilə qeyd olunub.
Muzeydə cari ildə mütəmadi olaraq elmi-kütləvi, maarfləndirici tədbirlərin həyata keçirildiyi, məktəblilər üçün ustad dərslərin təşkil olunduğu nəzərə çatdırılıb. Həmçinin muzey əməkdaşlarının Azərbaycan xalqının qədim dövrdən bugünə qədərki tarixini əks etdirən materialların toplanması işi ilə əlaqədar iştirak etdikləri ekspedisiyaların nəticələri də müzakirə olunub.
Muzeydə elmi tədqiqat işləri planlarının yerinə yetirilməsi, beynəlxalq əlaqələr, qrant layihələri, nəşriyyat fəaliyyəti, elmi məqalələr, forumlar, sərgilər, konfranslar, seminarlar, muzeyin rəsmi saytı və klublarının fəaliyyəti məsələlərinə toxunulub.
İclasın sonunda Baş direktor Nailə Vəlixanlı qeyd olunan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.