XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
14 İyun, 2022
Muzey əməkdaşı beynəlxalq konqresdə məruzə ilə çıxış edib

11-12 iyun 2022-ci il tarixlərində Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi və 25-dən artıq elmi-tədqiqat müəssisələrinin təşkilatçılığı ilə V Beynəlxalq Paytaxt Təbiət, Sosial və Tibb elmləri Konqresi (V. International "Başkent" Congress on Physical, Social And Health Sciences) keçirilmişdir. Konqresdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “XIII yüzyılın Dunaysir dirhemleri Kafkasya ile ticari alakaları açıklıyor" adlı məruzə ilə onlayn formatda çıxış etmişdir (həmmüəllif: Qafqazşünasliq İnstitutunun əməkdaşı Babayeva-Şükürova Fərahilə).

Elektron prezentasiyanın müşayiəti ilə təqdim olunan məruzədə ilk dəfə olaraq muzeyin Numizmatika fondunda qorunan Türkiyənin Mardin şəhərindəki Dunaysir zərbxanasında istehsal edilmiş nadir mis sikkələr barədə məlumat verilib. Mardin hökmdarı Artuk Arslan Mansur ibn II İlqazinin (Nəsrəddin, hicri 597 – 637 = 1200 - 1239) hakimiyyəti dövründə zərb edilən belə sikkələr Cənubi Qafqazda Səlcuqlular və Çingizilər dövrünün gümüş sikkələri ilə birgə aşkarlanıblar.

Səlcuqlu hökmdarları I Keyqubad (1220 - 1237), II Keyxosrov (1237 - 1246) dövründə Sivas, Konya və hicri 642 = 1244 - 1245-ci ildə Naxçıvanda zərb edilən gümüş dirhəmlərlə birgə tapılan belə mis sikkələr dövrün pul təsərrüfatı və ticarət əlaqələrini açıqlayır.

Konqres məruzələrinin çap edilməsi nəzərdə tutulub.