XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
20 İyun, 2022
Muzey əməkdaşı beynəlxalq simpoziumda məruzə etmişdir

Qazaxstan Respublikasının Türküstan şəhərində Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə "III Beynəlxalq Serikbol Kondıbay və Türk Mifologiyası Araşdırmaları Simpoziumu" keçirilmişdir. Simpoziumda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Çingizilər dövrünün türk simvolları haqqında (Serikbol Kondıbayın tədqiqatları və Qazaxstan ilə Azərbaycanda aşkarlanmış sikkələr əsasında)” adlı məruzə ilə çıxış etmişdir (rus dilində, onlayn).

Məruzədə Azərbaycanın müxtəlif bölgələrində (Ağdam, Gəncə, Bakı, Şamaxı) tapılmış XIII əsrə aid Çingizi sikkələri (Uqedey -1227-1241, Turakinə - 1227 - 1241, Göyük - 1246 – 1249, Menqu - 1251 - 1259) üzərindəki təsvirlər, yazılar və Qazaxstanda (Manqistau, Almatı) aşkarlanan Xarəzmşahlar (Təkiş – 1171-1199, Əlaəddin Muhəmməd ibn Təkiş  - 1199-1220) dövrünün sikkələri barədə məlumat işıqlandırılıb.

Həmçinin məruzədə XIII əsrin  pul dövriyyəsi və ticarət əlaqələri, o cümlədən türk simvolları və damğalarının Qazaxstan alimi Serikbol Kondıbayın (1968 - 2004) əsərlərində mifoloji baxımdan araşdırıldığı vurğulanmış, türk xalqlarının ortaq tarixi də qeyd edilmişdir. 

Elektron prezentasiya vasitəsi ilə muzeyin Numizmatika fondunda qorunan müvafiq dövrə aid sikkələr nümayiş etdirilmişdir.

Simpozium məruzələrinin nəşri nəzərdə tutulub.