XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
28 İyun, 2022
Muzeydə “Silahın mistik gözəlliyi” adlı sərgi açıldı

28 iyun 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərginin açılış mərasimi keçirildi.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri - nazir müavini Sevda Məmmədəliyeva, Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikası Silahlı Qüvvəllərinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev, Gürcüstan Milli Muzeyinin direktoru David Otaroviç Lordkipanidze, kolleksioner Yusif Bağırzadə, KİV nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq, tədbirin əhəmiyyəti barədə geniş məlumat verdi. Akademik qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin, dəyərli kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur. N.Vəlixanlı bildirdi ki, silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olmuşdur. Silahların hazırlanması el sənəti və birbaşa el ustalarının adı ilə bağlıdır. Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi-mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir. Həmçinin N.Vəlixanlı qeyd etdi ki, “Silahın mistik gözəlliyi” adlı sərgidə XVI-XIX əsrlər Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim edilir. Muzeyin Baş direktoru xüsusi olaraq, vurğuladı ki, fondda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. 

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov da qeyd etdi ki, təqdim olunan silahlar yalnız sənətkarlıq əsərləri deyil, həm də yüksək zövqlə hazırlanmış incəsənət nümunələri kimi təqdim edilir. Sərginin kuratoru S.Əhmədov sərgidə 300 ədəd unikal dekorativ tərtibatlı silahların nümayiş olunduğunu vurğuladı. O, sərgidə nümayiş olunan bəzi eksponatlar haqqında da ətraflı məlumat verdi.

Professor Nurulla Əliyev sərginin təşkilatçılarına öz minnətdarlığını bildirərək qeyd etdi ki, muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünün göstəricisidir. Bu baxımdan bugün açılış mərasimi olan silah sərgisi mühüm əhəmiyyət kəsb edir. Sonda N.Əliyev muzeyin baş direktoru Nailə Vəlixanlıya “Azərbaycanın Vətən müharibəsində qələbəsi” (N.Əliyev. Bakı, 2021. rus dilində) və “Azərbaycanın hərb tarixi. Ən qədim dövrlərdən XVIII əsrə qədər ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi” (N.Əliyev, S.Əhmədov. Bakı, 2021) adlı iki kitab hədiyyə etdi.

Sonra qonaqlar “Silahların mistik gözəlliyi (16-19-cu əsrlər Azərbaycan silahları)” sərgisinin nümayiş olunduğu zala dəvət olundu. Daha sonra qonaqlar Pənahəli xan Cavanşirin məzar daşının bərpadan sonra ilk dəfə nümayiş olunduğu sərgiyə də baxdılar.

Sərgi 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində davam edəcək.

Sərgiyə giriş pullu olacaq: böyüklər üçün 2 AZN, uşaqlar üşün 1 AZN.

Sərgidə peşəkar foto və videoçəkiliş ödənişlidir.