Türkiyənin ULAKBİM akademik şəbəkəsinə daxil olan beynəlxalq indeksli The Review of Armenian Studies (Ermənişünaslıq Tədqiqatlarının İcmalı) jurnalında Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlının “Some of the historiographical problems of Zangezur’s history” (“Zəngəzur tarixinin tarixşünaslığının bəzi problemləri”. №45, 2022. Ankara) adlı elmi məqaləsi işıq üzü görüb (ingilis dilində).
Akademik N.Vəlixanlı məqalədə qeyd edir ki, “Bu gün Ermənistanın cənub torpaqlarını təşkil edən və Azərbaycanın əzəli torpaqlarını Naxçıvandan ayıran dağlıq Zəngəzur bölgəsi uzun müddətdir ki, bu torpaqların kimə məxsus olması ilə bağlı tarixşünaslıqda mübahisə predmeti olub. Heç kimə sirr deyil ki, erməni tarixşünaslığı akademik dairələrdə demək olar ki, qədim zamanlardan bu bölgədə yalnız erməni əhalisinin yaşadığını və bölgənin “Böyük Ermənistan”a aid olduğunu sübut etməyə çalışır. Elmi-tarixi ədəbiyyata və çoxsaylı ilkin mənbələrə baxmayaraq, Ermənistanda və xaricdə Zəngəzur bölgəsini qondarma erməni bölgəsi kimi tanıdan çoxlu kitablar nəşr olunub. Bu məqalədə təqdim olunan təkzibedilməz dəlillər və çoxsaylı etibarlı faktlar Zəngəzurun VII-XII əsrlər tarixi ilə bağlı bu müddəaların təhriflərini və əsassızlığını ortaya qoyur”.
Həmçinin tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddialar, yanlış mülahizə və fikirlər təkzib olunmuş, həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlər də araşdırılmışdır.
Müxtəlif dilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu məqalə Zəngəzur tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2002-ci ildən ildə iki dəfə ingilis dilində çap olunan sözügedən akademik jurnal ermənişünaslıqla bağlı mövzularda elmi məqalələr dərc etmək məqsədi daşıyır.