Azərbaycan Milli Xalça Muzeyində “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi’nin və Azərbaycan Respublikası Təhsil Nazirliyi’nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Milli Qurama Festivalı çərçivəsində “Qurama” adlı elmi-praktiki konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qurama” adlı məruzə ilə çıxış edib. S.Nəsirova məruzəsində muzeyin zəngin kolleksiyasına daxil olan çox sayda qurama üsulu ilə bəzədilmiş məişət əşyaları və xalq arasında qurama tikmə üsulunun tətbiqi ilə bağlı inanclar haqqında məlumat verib. Tədqiqatçı alim həmçinin muzeyin qurama kolleksiyasının ilk dəfə tədqiqat obyekti kimi “Milli Azərbaycan Tarixi Muzeyinin qurama kolleksiyası” adlı kataloqda öz əksinin tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Muzeyin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova isə “Azərbaycan quramalarında kompozisiya quruluşunun həlli” (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında) mövzusuna dair məruzəsində rəngarəng kiçik parça tikələri ilə hazırlanan quramanın kompozisiya quruluşu növləri haqqında ətraflı danışıb.
Məruzələr tədbir iştrakçıları tərəfindən maraqla dinlənilib.