XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
22 İyul, 2022
Azərbaycanda milli mətbuat günü- 147

Azərbaycanda ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 22 iyul 1875-ci il tarixində görkəmli maarifçi, publisist, təbiətşünas alim, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Bugünkü mətbuat günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Materiallar fondunda qorunan Həsən bəy Zərdabinin fotoşəkilini və Sənədli Mənbələr fondunda mühafizə olunan “Azərbaycan” qəzetini təqdim edirik.

1945-ci il sentyabrın 3-də Cənubi Azərbaycanda görkəmli siyasi xadim, məşhur publisist Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Demokrat Firqəsinin təsis olunduğu elan olunduqdan iki gün sonra, sentyabrın 5-də yeni yaradılmış partiyanın mətbu orqanı olan “Azərbaycan” qəzeti nəşr edilməyə başladı. Azərbaycan dilində çıxan bu qəzetdə farsca da yazılar dərc olunurdu. 1946-cı ilin dekabrın 11-nə qədər qəzetin 370 sayı işıq üzü görmüşdür. Bir müddətdən sonra yenidən nəşr edilməyə başlandı.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradio verilişləri, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.