Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir.
Əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, yazı və oxuda törətdiyi maneələr XIX əsrin II yarısından etibarən dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib.
Milli dramaturgiyanıın banisi, görkəmli ictimai xadim Mirzə Fətəli Axundzadə ərəb əlifbasında əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cəhd edən ilk mütəfəkkirdir. M.F.Axundzadə geniş xalq kütlələrinin savadlanması işində ömrünün son 20 ilini əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr edib. O, hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əlverişli deyil.
M.F.Axundzadə bu layihəni mütəxəssislərin rəy verməsi üçün Peterburq, Paris, London, Berlin və başqa şəhərlərə göndərir. O, ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz olunmasının vacibliyinə türk alimlərini inandırmaq məqsədilə 1863-cü ildə İstanbula gedərək yeni əlifba layihəsini şəxsən özü təqdim edir.
Heç bir müsbət cavab ala bilməyən M.F.Axundovun Rusiyanın, Şərqin və Qərbin bir çox dövlət və ictimai xadimlərinə məktub və təkliflərlə bu barədə müraciət etməsi də nəticə vermir. Yeni əlifba layihəsinin qəbul olunmaması M.F.Axundzadəni ruhdan salmır, o hesab edirdi ki, gələcək nəsil onun layihəsini layiqincə qiymətləndirəcək.
Mirzə Fətəli Axundov tərəfindən təklif edilmiş sözü gedən əlifbanın layihəsinin fotosurəti Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Materiallar fondunda qorunur.