XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
28 İyul, 2022
Azərbaycan Respublikasının xalq artisti Vasif Adıgözəlov- 87

Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ Materiallar fondunda görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti Vasif Adıgözəlova aid fotoneqativ qorunur.

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində, görkəmli xanəndə, Azərbaycan muğamlarının mahir bilicisi və təfsirçisi Zülfü Adıgözəlovun ailəsində anadan olub. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində fortepiano və uşaq yaradıcılığı siniflərində almışdır. Təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirən Vasif Adıgözəlov Konservatoriyanı iki ixtisas - böyük bəstəkar, professor Qara Qarayevin sinfini, fortepiano üzrə isə professor Simuzər Quliyevanın sinfini bitirmişdir. Vasif Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır. Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər  üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür. Vasif Adıgözəlovun ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. "Qarabağ şikəstəsi" oratoriyası, "Qəm karvanı", "Şuşam laylay" əsərləri, üzərində sərasər on bir il işlədiyi "Natəvan" operası da Qarabağ həsrətindən yaranmışdır.

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.