XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
15 Avqust, 2022
Muzeyin Xurşid Banu Natəvan kolleksiyası

Bu gün, 15 avqust 2022-ci il tarixində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

Qarabağ torpağının yetişdirdiyi şəxsiyyətlər sırasında Xurşid Banu Natəvan özünəməxsus yeri və rolu ilə tanınır. Xalqın "xan qızı" adlandırdığı Xurşid Banu dövrünün sayılıb-seçilən simalarından biri olub. O, Azərbaycan ədəbiyyatı tarixində qoyduğu iz ilə daha məşhur olmuş, klassik poeziyamızı dərindən bilməsi ve fitri istedadı onu əlinə qələm almağa ruhlandırmışdır. Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi dahi yazarlarla bir dövrdə yaşaması da onun yaradıcılığına təsir etmişdir. Xan qızı təşkil etdiyi "Məclisi üns" cəmiyyətinə dövrünün tanınmış şairlərini toplamışdır. Yazılan yeni əsərlər həmin məclisdə dinlənilir, müzakirə edilir, hər bir ustad öz münasibətini bildirirdi. Şeirə, sənətə yüksək qiymət verən xan qızı istedadı olan gəncləri, o cümlədən qızları da məclisinə dəvət edir, onların püxtələşməsinə, şairlər sırasına qoşulmasına rəvac verirdi.

Fatma xanım Kəminə, yaxın qohumu Qəmər bəyim Şeyda Xurşid Banu Natəvanın dəstəyi ilə "Məclisi üns"ün fəal üzvlərinə çevrilmişdilər. Hətta Qəmər bəyimə "Şeyda" təxəllüsünü də Xurşid Banu Natəvan özü vermişdi.

Natəvan hərtərəfli istedad sahibi olmuş, eyni zamanda bir rəssam, tikmə ustası, xalça toxucusu kimi də öz sözünü demişdir. 1886-cı ildə öz əli ilə hazırladığı albomunda qrafika üsulu ilə çəkdiyi müxtəlif güllər və təbiət mənzərələri ilə yanaşı təqdim etdiyi Bakı şəhəri, ev, körpü, yol və s. təsvirləri onun incə zövqə, yüksək sənətkarlıq qabiliyyətinə malik olmasına əyani sübutdur. Xan qızının albomun üz qabığına ipək saplar ve muncuqlarla tikdiyi nəbati təsvirlər bu nadir sənət nümunəsinin bədii dəyərini daha da artırır.

Natəvanın tikmə sənətindəki məharəti onun Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə edilən materialları ilə də təsdiq olunur. Şairənin güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan "xaç" tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan Xurşid Banunun bu sənət sahəsindəki yüksək istedadından soraq verir. Elmi ədəbiyyatdan da məlumdur ki, hətta məşhur fransız yazıçısı Aleksandr Düma da onun istedadına valeh olmuşdur. 1858-ci ildə anası və həyat yoldaşı Xasay Usmuyevlə birlikdə Aleksandr Dümanı Bakıda ziyarət edərkən başqa hədiyyələrlə yanaşı öz əli ilə tikdiyi pul kisəsini də ona bağışlamışdır. Əl işinin zərifliyinə, yüksək sənətkarlıqla işlənməsinə heyran qalan yazıçı onu "ən gözəl hədiyyə" adlandırmışdır.

Etnoqrafiya fondunun materialları Xurşid Banu Natəvanı gözəl modelyer kimi də xarakterizə edir: fondda qorunan avropasayağı dəbdə köynəyi o, vaxtilə öz əlləri ilə tikərək, əmisi qızı Münəvvər xanıma hədiyyə etmişdir. Geyimin tikiş texnologiyası onun müəllifinin ustalığından, eləcə də yüksək zövqə malik olmasından, səriştəliliyindən xəbər verir. Xurşid Banunun şəxsi geyimləri və fotoşəkilləri də onun yüksək zövq sahibi olduğuna dəlalət edir.

Etnoqrafiya fondunun dəyərli inventarlarından olan, Xurşid Banu Natəvanın əl işlərindən ibarət kolleksiyasından nümunələrin bir hissəsini təqdim edirik:

Güləbətin və təkəlduz tikmə üsulundan istifadə olunaraq hazırlanan tənbəki kisəsi dekorativ bəzək nümunələri kimi əsrlər boyu qız-gəlinlərin sevimli məşğuliyyət sahəsi olmuşdur. Həmçinin, həmin dövrdə geniş yayılmış bu maddi nümunələr ər evinə gəlin köçən qızların cehizinin əsas atributlarından idi.

Azərbaycan xalqının yaşayış evlərinin daxili interyerində önəm verdiyi məişət nümunələrindən biri də pərdələrdir. Təsviri və tətbiqi sənəti özündə birləşdirən taxça pərdələri isə hər zaman geniş xalq kütlələrinin həyatına nüfuz edərək xalqın keçmiş məişətini zənginləşdirən milli, maddi element olduğunu sübut edir.

XIX-XX əsrin əvvəli Azərbaycanda qadınların üst geyim növü hesab edilən tuman iqtisadi durumdan asılı olaraq müxtəlif növ parçalardan hazırlanırdı (qanovuz, darayı, tirmə və d.). Həmçinin, həmin dövrdə bu geyim növü üçün yaş fərqi də nəzərə alınırdı. Yaşlı qadınlar tünd və birrəng, gənc qız və gəlinlər isə rəngli, güllü parçalardan hazırlanan tumanlara üstünlük verirdi.

Ənənəvi qadın geyim nümunəsi olan nimtənə yun parçadan hazırlanaraq XIX-XX əsrlər Azərbaycan qadınlarının istifadə etdiyi gündəlik geyim nümunəsidir. Çəpkəndə olduğu kimi nimtənənin də qollarının və ətəyinin kənarına güləbətin və d. tikməli baftalar əlavə edilirdi.

Başmaq XIX əsr üçün xarakterik olan qadın ayaq geyimi növüdür. İqtisadi şəraitlə bağlı bəzi ailələrdə başmağın daban hissəsi gümüş və ya qızıldan kəsilən lövhəyə tutulur, ətrafına bəzəklər, salınırdı. Başmağın pəncə hissəsi qalın parçadan (mahud, məxmər) olmaqla bərabər, onun üzərini güləbətin tikmə ilə də bəzəyirdilər. Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki və Naxçıvan (Ordubad) kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında məşhurlaşmışdılar.

Xatırladaq ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşid Banu Natəvanın 180 illik yubileyi ilə əlaqədar, Milli Azərbaycan Tarix Muzeyi tərəfindən "Xurşid Banu Natəvan - 180" adlı broşür-kataloq nəşr edilmişdir (Bakı, 2012, 20 s.). Broşür-kataloqda muzeyin Etnoqrafiya fondunda qorunan Natəvanın şəxsi əşyaları öz əksini tapmışdır.