XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
26 Avqust, 2022
Beynəlxalq Azərbaycan Muğamı Günü  

 

2010-cu ildən etibarən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü kimi qeyd olunur. Muğamlar Azərbaycan xalqının unikal identikliyini qoruyub saxlayan komponentlərdəndir. Ümumilikdə muğamların sayı 12 olsa da, Azərbaycan mədəniyyətinə xas 7 əsas muğamlar bunlar hesab edilir: “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”,”Şüştər” və “Hümayun”.

Dünya musiqi sənətinin incisi sayılan muğam bir çox xalqların mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Demək olar ki, Azərbaycan milli musiqisinin bünövrəsini muğamlar təşkil edir. Bu gün Azərbaycan muğamı dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. İlk dəfə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, “Azərbaycan mədəniyyətinin dostları” fondunun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva muğamı beynəlxalq səviyyədə tanıtmaqla bərabər, həm də onu sevdirməyə nail oldu. Mehriban Əliyevanın rəhbərliyi ilə Muğam-İrs”, “Muğam- Dəstgah”, “Muğam ensiklopediyası”, “Muğam-İnternet”, “Muğam- Antologiya”, “Muğam dünyası” layihələri yerinə yetirilmişdir. Bununla yanaşı 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir. Həmçinin, 2005-ci il dünyada “Muğam ili” elan edilmişdir. Azərbaycan muğamının adı çəkilən zaman ilk öncə muğam üçlüyünün tərkibinə daxil olan və aparıcı musiqi aləti kimi istifadə edilən tar, kamança və qaval göz önündə canlanır.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında– qaval, tar və kamança kimi xalq çalğı alətləri mühafizə olunur. Etnoqrafiya fondunda qorunan bu alətlər xüsusi zövqlə hazırlanmışdır. Membranlı zərb aləti olan qaval “qab” və “al” sözlərinin birləşməsindən meydana gəlib, mənası isə şənlik, yaxud aldadıcı deməkdir. Uzun qola və dayanacağa malik olan kamança simli musiqi alətidir. XVI-XVII əsrlərdə kamança Azərbaycanda geniş inkişaf etmiş və dövrünün musiqi alətləri içərisində xüsusi yer tutmuşdur. Fondda mühafizə olunan kamança inkrustasiya üslubu ilə bəzədilmişdir. Azərbaycan xalqının simli musiqi alətlərindən olan tarın adına orta əsrlərdə Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və d. əsərlərində rast gəlmək olar.