Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini, qədim tarixini özündə əks etdirən xeyli sayda tapıntı mövcuddur. Onların arasında forma və məzmun baxımdan diqqət cəlb edən nümunələr də yer alıb. Belə nümunələrdən biri də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdindəki “Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası”nın 2019-cu ilin çöl-tədqiqat mövsümündə Lerik rayonu, Boykəndil kəndindəki Xımbapoçə antik dövr qəbirstanlığında apardığı qazıntılar zamanı 3 nömrəli küp qəbirdən tapılmış üçayaqlı saxsı bardaqdır. Bardaq bozumtul-qara rəngdədir və cilalıdır. Sferik gövdə aşağıya doğru genişlənərək konus formalı üç ayaqla tamamlanır. Uzun və silindrik boğazlıdır. Boğaza qabartı və boğma halqalarla relyef verilib. Ağzının kənarına yaxın yer ilə çiyinə birləşən qulpu var. Qulpun kəsiyi dairəvidir. Boğazdan çiyinə qədər konsentrik dairələrlə, qulpun dibi məsafədən isə sıx çərtmə və basma üsulu ilə xətt və ondan aşağı düşən dalğalı yarımdairələrlə bəzədilib. Çoxlu fraqmentlərdən tam forma bərpa edilib. Qabın 1/3 hissəsi gipslə bərpa edilib. Tapıntının müəllifi, həmin institutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, “Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d. Ceyhun Eminli bardağın dövrünü e.ə. IV-III əsrlərə aid edib. 2022-ci ildə daimi mühafizə məqsədilə muzeyə təhvil verilmiş bardağın əhəmiyyətinə gəldikdə isə, bu arexeoloji tapıntı Azərbaycanın, xüsusilə də Cənub bölgəsinin antik dövr dulusçuluğu və maddi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.
Qeyd edək ki, eksponatın yenidən qurulan ekspozisiyada nümayişi nəzərdə tutulur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.