XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
15 Sentyabr, 2022
Qafqaz İslam Ordusunun əsgərlərinə ithaf olunmuş unikal nümunə

Bu gün, 15 sentyabr 1918-ci il tarixində Bakının erməni-bolşevik işğalından azad edildiyi gündür. Bu qələbədə böyük xidmətləri olan Qafqaz İslam Ordusu   Azərbaycanın şanlı dövlətçilik tarixində xüsusi iz buraxdı. 1918-ci ilin 10 iyul-1918-ci ilin 27 oktyabr tarixlərində fəaliyyətdə olan bu ordunun sıralarında Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri, ləzgilər, avarlar, kumıklar, acarlar vuruşurdu. Adından da göründüyü kimi, vəzifəsi Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək olan Qafqaz İslam Ordusunun himayədarı Ənvər paşa, ən məşhur komandirləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları idi.

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Qafqaz İslam Ordusuna aid materialları ilə zəngindir. Muzeyin Silahlar və bayraqlar fondunda sözügedən tarixi əks etdirən dəyərli materiallardan biri öz unikallığı ilə seçilir. Təqdim olunan nümunədə ipək parça üzərində türk əsgərlərinin şəkilləri, hərbi atributları təsvir olunub. Təsvirli parça Qafqaz İslam Ordusunun əsgərlərinin şərəfinə hazırlanmışdır. Parçanın üzərində “Evladi-şühəda məa ülüvvi izzə. Ləin şaşaaha alə sirri-keys-didar” sözləri yazılmışdır. Tərcüməsi belədir: Şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı yarın (ilahi) idrak sirrinin də üzərindədir.