XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
18 Sentyabr, 2022
18 sentyabr- Milli Musiqi Günü

Ulu öndər  Heydər Əliyevin 1995-ci il fərmanı ilə 18 sentyabr tarixi Milli Musiqi Günü kimi qeyd olunur. Bu qərar müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan Respublikası Dövlət himninin bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində qəbul olunmuşdur.                 

Ü.Hacıbəyli 1885-ci il sentyabr ayının 18-i Azərbaycanın səfalı güşələrindən biri olan Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. Bəstəkarın uşaqlıq və gənclik illəri Qafqazın sənət məbədi, konservatoriyası adlandırılan Şuşa şəhərində keçmişdir. İlk təhsilini Şuşa şəhərində yerləşən rus-tatar məktəbində almış, daha sonra isə Zaqafqaziya müəllimlər seminariyasında davam etdirmişdir. Ü.Hacıbəyli 1904-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib, Şuşa yaxınlığında yerləşən Hadrud kənd məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Pedaqoji fəaliyyətdən əlavə, Ü.Hacıbəyli əksər dövri mətbuatda iştirakı, onun məşhur jurnalist va böyük publisist kimi tanınmasına səbəb olmuşdur. "İrşad", "Tərəqqi", "Həqiqət", "Molla Nəsrəddin", "Həyat", "İqbal", "Yeni iqbal", "Kaspi", "Tərcüman" və başqa qəzet və jurnallar bəstəkarın publisist kimi yetişməsinə, həm də demokratik milli ideyalara yiyələnməsinə kömək olmuşdur. Bununla yanaşı, ictimai və siyasi xadim "İrşad" qəzetində  katib, "Həqiqət" qəzetində isə redaktor vəzifəsində çalışmışdır. Dahi bəstəkar 22 yaşında Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış  "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmiş və bununla da Azərbaycanda opera sənəti tarixinin əsasını qoymuşdur. Əsrlər boyu insanları qəhrəmanlığa, mübarizliyə səsləyən  eyniadlı dastanın motivləri əsasında yazılan, XX əsr dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operası Azərbaycan musiqi mədəniyyəti tarixində çevrilişə səbəb oldu. Görkəmli bəstəkar milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operaların müəllifidir.

Milli Musiqi Günü münasibətilə muzeyin Sənədli mənbələr fondunda mühafizə edilən, Azərbaycan professional musiqisinin banisi bəstəkar Ü.Hacıbəylinin xatirəsinə həsr olunan tədbirlə bağlı iki afişanı təqdim edirik.

Muzeyin Etnoqrafiya fondunda isə Ü.Hacıbəylinin ailəsinə aid kolleksiya mühafizə olunur. Bu nümunələr arasında müasir Azərbaycan musiqisinin banisi Ü.Hacıbəylinin ailəsinə (anası Şirin) məxsus süfrə, boxça, quranqabı, müxtəlif geyim nümunələri və s. qorunur. Fotoşəkildə bəstəkarın anasına məxsus, üzəri muncuq və güləbətin tikməli quranqabı təqdim olunur.

Digər bir nümunə isə Şirin xanıma məxsus olmuş köynək və tumandan ibarət geyim dəstidir. Mavi rəngli geyim dəsti ipək parçadan hazırlanmışdır. Qadın üst geyim elementlərindən olan köynək dəyərli parçalardan (qanavuz, darayı, atlas və s.), həmçinin pambıq, yun və kətan parçalardan (satin, şal, çit) tikilirdi. XIX-XX əsrlərdə bir qayda olaraq, Azərbaycan qadın geyim kompleksində tuman və köynək eyni rəng parçadan hazırlanırdı.

Təqdim olunan, Azərbaycanın müasir peşəkar musiqi sənətinin və milli operasının banisi Ü.Hacıbəyliyə aid digər materiallar isə Köməkçi materiallar (1913- cü il iyulun 30-da Ü.Hacıbəyli tələbə olarkən Peterbuqdan Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktubun surəti və bəstəkarın fotoşəkili) fondunda qorunur.

Xatırladaq ki, dahi bəstəkarlar- Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Milli Azərbaycan Tarixi Muzeyində qorunan kolleksiyası əsasında eyni adlı kataloqlar (Bakı, “Təhsil”, 2021, 104 səh.,) nəşr olunmuşdur.