Bu gün, 20 sentyabr Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"dür. Bu tarixin "Əsrin müqaviləsi" ilə üst-üstə düşməsi təsadüfi deyil. 1994-cü ilin sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə əsrin müqaviləsi bağlandı. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinin və Azərbaycanın gələcək rifahının və çiçəklənməsinin başlanğıcı oldu.
Xatırladaq ki, Əsrin müqaviləsini həyata keçirən rəhbər komitənin ilk iclası 24 yanvar 1995-ci il tarixində Azərbaycan Tarixi Muzeyinin Şərq zalında keçirilmişdir.
Əlamətdar günlə əlaqədar muzeyin Köməkçi Materiallar fondunda qorunan neft tarixinə dair materialları təqdim edirik. Belə ki, fotoda təsvir olunan (solda), ölkəmizin neft tarixinə qızıl hərflərlə yazılmış alim, mühəndis, istehsalat təşkilatçısı, ixtiraçı, qazma texnologiyasının banilərindən olan Yusif Əliqulu oğlu Səfərov 1907-ci il oktyabrın 15-də Şamaxı şəhərində anadan olub. 1926-cı ildə orta məktəbi, 1931-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsini bitirmişdir. Gənc mütəxəssis Lökbatan kəşfiyyat kontoruna təyinat alır. Orada onun rəhbərliyi altında qazılan quyudan neft çıxır. İki ildən sonra daha bir böyük uğur: gənc neftçi Y.Səfərov rəhbərlik etdiyi kəşfiyyat kontorunun qazdığı 45 saylı quyudan çıxan neftin təzyiqi adlı-sanlı neftçiləri xeyli təəccübləndirir. Y.Səfərov “Qaraçuxur” mədən trestində, bir müddət sonra isə “Stalinneft” trestində direktor vəzifəsində çalışır. Böyük Vətən Müharibəsi illərində Y.Səfərov “Azneftkombinat” birliyinin qazma şöbəsinə rəhbərlik edib. Y.Səfərovun “Turbin qazmaları”, “Elektroqazma”, “Qazmada gilli məhlullar” adlı çoxsaylı monoqrafiyaları dərc olunur. Hazırda bu əsərlər Azərbaycan neft tarixinin tədqiqatı baxımından mühüm əhəmiyyət kəsb edir.
Fotoşəkildə Y.Səfərovun sol tərəfində neft sənayesi yenilikçisi, neft mühəndisi, qazma ustası Ağa Nemətulla əks olunub. Ağa Nemətulla 15 fevral 1896-cı il tarixində Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya gəlib.
O, 1915-ci ildən Balaxanıda neft mədənində işə düzəlir. 1915-1932-ci illərdə Bakı şəhərinin bir sıra rayonlarının qazma idarəsində qara fəhlə, çilingər, qazmaçı işləmişdir. A.Nemətulla 1932-1952-ci illərdə Bakı şəhərində müxtəlif vəzifələrdə, o cümlədən buruq ustası, 1942-1943-cü illərdə Özbəkistanda buruq ustası vəzifələrində çalışmışdır. 1952-1956-cı illərdə Azərbaycan Neft İttifaq Birliyi Dənizdə İstismar Qazma İdarəsinin, “Stalinneft (indiki Ə.Əmirov) Neft Mədənlər İdarəsində Qazma İdarəsinin direktoru, 1956-1958-ci illərdə “Leninneft” (indiki “Balaxanıneft”) Neft Mədənlər İdarəsi Qazma İdarəsində sahə rəisi vəzifəsində fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Azərbaycanın neft tarixi ilə bağlı dəyərli materiallar muzeyin digər fondlarında da mühafizə olunur.