XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
28 Sentyabr, 2022
Muzeydə iraqlı alimlə görüş keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin direktoru, Bağdad Universitetinin təhlükəsizlik və informasiya elmləri üzrə doktoru Mutəzz Muhy Əbdülhəmid ilə görüş keçirilib.

Görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və muzey əməkdaşları iştirak edib. Akademik N.Vəlixanlı qonağı salamlayaraq, alimin həyat və yaradıcılığı haqqında məlumat verib və Azərbaycan – İraq dostluq əlaqələrinə töhfə verdiyi üçün Dr. M.M.Əbdülhəmidə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Dr. M.M.Əbdülhəmid rəhbəri olduğu İraq - Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən, baş redaktoru olduğu “Dostluq” qəzetinin Azərbaycana həsr olunmuş məqalələrindən, özünün müəllifi olduğu kitablardan bəhs edib. Müəllif Azərbaycanla bağlı yazdığı “Qarabağ: münaqişənin tarixi” (Bağdad, 2021, 381 s. ərəb dilində) adlı kitabı haqqında geniş məlumat verib və Qarabağın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib.

Dr. M.M.Əbdülhəmid, həmçinin, Azərbaycanla bağlı “Azərbaycan Vətən müharibəsində” və “Şuşa – Azərbaycanın mirvarisidir” adlı kitablarının da nəşr ərəfəsində olduğunu bildirib.

Daha sonra muzey iştirakçılarının sualları qonaq tərəfindən cavablandırılıb. Dr. M.M.Əbdülhəmid tədbirə görə muzey rəhbərliyinə öz təşəkkürünü bildirib və gələcəkdə bu əlaqələrin davam etməsini arzu etdiyini qeyd edib. Müəllif öz kitablarını muzeyə hədiyyə edib, muzeyin nəfis tərtibatlı nəşrləri də Dr. M.M.Əbdülhəmidə də təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.