Bu gün Milli Azərbaycan Tarixi Muzeyində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun aparıcı elmi işçisi, ekspedisiya rəhbəri, t.ü.f.d., dosent Azad Zeynalovun rəhbərlik etdiyi əcnəbi arxeoloqlardan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova və Arxeologiya Elmi-Fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə iştirak edib.
Əcnəbi arxeoloqlar görüş zamanı Azərbaycanda və onun hüdudlarından kənarda aparılan Paleolit dövrü tədqiqatları və onun nəticələri haqqında ətraflı məlumat veriblər.
Daha sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə elmi-tədqiqat layihəsini reallaşdırmaq arzusunda olduqlarını bildiriblər. Tədqiqatçı alimlər qeyd ediblər ki, layihənin əsas məqsədini azıxantropun alt çənəsinin mütləq xronologiyası, eləcə də paleoantropoloji xüsusiyyətlərini müəyyənləşdirmək təşkil edir. Sözügedən layihənin reallaşdırılması ilə bağlı tərəflər ilkin razılığa gəliblər.
Sonda qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə olunub və xatirə fotosu çəkilib.