AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Elmi-Fond şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Laçın Mustafayev və həmin şöbənin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov iştirak ediblər.
L.Mustafayev “Azərbaycanın şimali-şərq regionunda aşkar edilən Təhməzi yaşayış yerinin tədqiqatları” adlı məruzəsində cari ilin iyul və avqust aylarında Azərbaycanın şimali-şərq regionunda, o cümlədən Quba rayonunun Səbətlər kəndində aparılan tədqiqatlar zamanı aşkar edilən yeni arxeoloji abidə və artefaktlar barədə məlumat vermişdir.
E.Məmmədov isə “Azərbaycanda arxeologiya elminin yaranması tarixi” adlı məruzəsində Azərbaycanda arxeologiya elminin yaranması və inkişafının mərhələlərini nəzərdən keçirərək, arxeoloq-alimlərin (İ.İ.Meşşaninov, A.A.Miller, V.M.Sısoyev, Y.A.Paxomov, D.M.Şərifov, İ.M.Cəfərzadə, Ə.Ə.Ələkbərov, S.M.Qazıyev və d.) xidmətlərini vurğulamış, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan arxeoloji tapıntılar barədə məlumat vermişdir.
Konfrans materiallarının nəşri nəzərdə tutulmuşdur.