18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Bakı şəhəri İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həmin məktəbdə "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikasının müstəqilliyinin bərpası" adlı tədbir keçirilib.
Tədbirin birinci hissəsində əlamətdar günlə bağlı şagirdlərə muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən foto-slaydın müşayiəti ilə eyni adlı mühazirə oxunub.
Q.Qafarlı mühazirəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslandığı və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olması faktlarını şagirdlərə çatdırmışdır.
Eyni zamanda şagirdlərə Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycan Xalq Cümhuriyyətinə aid eksponatların şəkilləri də nümayiş olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.