XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
21 Oktyabr, 2022
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib

19-21 oktyabr 2022-ci il tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan, Almaniya, Bolqarıstan, Çexiya, Hollandiya, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya və Türkmənistandan olan muzey əməkdaşlarının çıxışları dinlənilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova “Muzeylər sosial yaddaşın keşikçiləridir: dünən, bu gün, sabah (MATM materialları əsasında)” adlı məruzəsi ilə sözügedən konfransda çıxış edib. Gənc tədqiqatçı məruzəsində fotoslaydın müşayiəti ilə muzeyin arxivində qorunan “1920-1968-ci illəri əhatə edən albom”dan olan və müasir dövrdə muzeydə keçirilmiş gənc nəslin muzeyə cəlb olunması fəaliyyətlərini əks etdirən fotoları müqayisəli şəkildə təhlil etmişdir. Məruzə qonaqlar tərəfindən maraqla dinlənilib.

Sonda iştirakçılara sertifikat təqdim edilib. Konfrans materiallarının nəşri nəzərdə tutulub.