Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Dəmir yumruq” adlı dəyirmi masa keçirilib. Tədbirdə Vətən müharibəsi qaziləri, muzeyin əməkdaşları, Bakı şəhəri 245 saylı tam orta məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, Vətən Müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Sonra Vətən Müharibəsi qaziləri - polkovnik leytenant Zaur Kazımov, baş çavuş Saleh Hacıyev, baş gizir İlkin Ağayev, könüllü əsgər Nihat Əfəndi keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər. Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova, baş mütəxəssisi Qənirə Qafarlı çıxış edib. İştirakçılar çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən danışıb və şəhidlərimizin əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər.
Tədbir zamanı, həmçinin, məktəblilər qazilərə suallar ünvanlayıb.
Sonda xatirə fotoları çəkilib.