XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
04 Noyabr, 2022
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: zərfayans qab

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycanın qədim tarixini özündə əks etdirən çox sayda tapıntı mövcuddur. Onların arasında forma və məzmun baxımından diqqət cəlb edən nümunələrdən biri əvvəllər şəxsi kolleksiyada olmuş və 2022-ci ildə muzeyin arxeoloji kolleksiyası üçün satın alınmış, coğrafi mənşəyi və ya tapılma yeri məlum olmayan zərfayans kasadır. Nazik divarlı, gili ağ rəngdə olan kasa hündür halqavari oturacağa malikdir. Hər iki səthi anqoblanıb və nəfis şəkildə qızılı rəngli naxışlarla bəzədilib. Daxili səthinin mərkəzi yarımhalqalarla doldurulub. Divarına isə 8 insan təsviri həkk edilib. Onlar nöqtələrdən ibarət qoşa xətlərlə əhatələnib. İnsan təsvirləri yarımhalqalardan ibarət zolaqlarla bir-birindən ayrılıb. Xəttin yuxarısı islimi naxışlarla bəzədilib, ağız sonluğu isə qalın xətli zolaqla əhatələnib. Kasanın xarici səthinə gövdəboyu buruq xətlər, onların arasına isə şaquli qoşa düz xətlər həkk edilib. Bu dəyərli dulusçuluq nümunəsi saxlanma vəziyyətinə görə tamdır.

Zərfayans kasanın dövrünə gəldikdə, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dos. Nasir Quluzadə bu maddi nümunənin XII əsrin II yarısı -XIII əsrin I yarısında yerli dulusçular tərəfindən hazırlanması ehtimalını irəli sürmüşdür.

Belə ki, muzeyin arxeoloji koleksiyasında daimi mühahafizə olunan oxşar qab nümunələri orta əsr Beyləqan şəhər yerindən tapılıb. Zərfayans kasa Azərbaycanın orta əsrlər dövr dulusçuluğu və maddi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir. Onun yeni ekspozisyada nümayiş etdirilməsinə qərar verilib.