XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
14 Noyabr, 2022
Bu gün Axısqa türklərinin sürgün olunmasından 78 il ötür

Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya məcburi şəkildə köçürülməsi, deportasiyası zamanı 212 kənddə yaşayan 94.955 Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar əsasən Özbəkistan SSR-ə sürgün olunmuşdular. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri təxminən 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri ilə icra olunmuşdur. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirmişdir.

İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri qaytarmışdır. Axısqa türklərinin sürgün edilməsi gizli saxlanılmışdır.

2006-cı ildə əldə edilmiş statistik məlumatlara əsasən, 260.000–335.000 nəfərdən ibarət Axısqa türklərinin əksəriyyəti yeddi Postsovet ölkəsində yaşayır. Ana vətənlərinə qayıda bilməyən Axısqa türklərinin bir qismi də Azərbaycanda məskunlaşmışdır.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycanda yaşayan Axısqa türklərinə dair materiallar mühafizə olunur. Belə nümunələrdən Quba-Xaçmaz bölgəsində yaşayan Axısqa türklərindən əldə olunaraq, muzeyə təqdim olunmuş corab və əl iyini göstərmək olar. Bildiyimiz kimi, türk xalqlarının qədim sənət sahələrindən biri də toxuculuq olmuşdur. Həmin corab da Özbəkistana sürgün olunan zaman Axısqa türkləri tərəfindən toxunmuşdur.

Digər bir nümunə isə muzeyin Sənədli mənbələr fondunda qorunan, 1946-cı ildə Özbəkistanda Axısqa türklərinin sürgünündən sonra çəkilmiş fotoşəkildir. Qeyd edək ki, fotoşəkildə Axısqa qadınları üçün səciyyəvi olan baş geyimi- qatğa və ləçək də əks olunmuşdur. Fotoda təsvir olunan Axısqa ailəsi sonradan Azərbaycana köç edərək burada məskunlaşmışdır.

Fotoşəkil Axısqa türkü Mirdəst Əbibovun qohumlarına məxsus olub.