XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
30 Noyabr, 2022
Qafqaz (Azərbaycan) Albaniyasında dekorativ tətbiqi sənət: bədii şüşə sənəti

Qafqaz (Azərbaycan) Albaniyasında dekorativ tətbiqi sənətin yüksək inkişaf səviyyəsinə çatmış növlərindən biri də bədii şüşə sənətidir. Arxeoloji qazıntılar nəticəsində Mingəçevirdə, Şamaxıda, İsmayıllıda, Gəncədə, Qəbələdə, Yuxarı Qarabağda və başqa yerlərdə aşkar edilmiş bədii şüşə nümunələri, eləcə də şüşə kürələri, istehsal çıxarları, yarımfabrikatlar və s. istehsalın bu sahəsinin Azərbaycan ərazisində geniş yayıldığını təsdiq edir. Vaza, kuzə, piyalə, qədəh, kubok, ətirqabı və s. kimi istifadə olunan şüşə məmulatı tapıntıları nəinki çeşid müxtəlifliyi, həm də bədii dəyərləri ilə nəzəri cəlb edirlər. Bədii sənət növü kimi yerli ustalar şüşədən gemmaların, qadın bəzəklərinin hazırlanmasında da istifadə edirdilər. Arxeoloqlarımızın aşkar etdikləri şüşə tapıntıları içərisində müxtəlif–göy, yaşıl, sarı, qara, qırmızı, bənövşəyi və s. rəngli şüşələrdən düzəldilmiş yumru, yastıtilli eşmə bilərziklər, eləcə də toxunma və qabırğavari naxışları olan orijinal formalı, müxtəlif ölçülü qablar çoxdur. Ölkədə şüşənin iki texnoloji üsulla- daha qədim tökmə və üfürmə üsulları ilə hazırlandığını müəyyənləşdirən mütəxəssislər yerli bədii şüşə məmulatının keyfiyyət baxımından getdikcə daha da təkmilləşdirildiyini xüsusi qeyd edirlər. Artıq IV əsrdən etibarən burada əhalinin ehtiyacının əsasən yerli sənətkarların hazırladıqları məmulatla ödənilməsi arxeoloji qazıntıların nəticələri ilə də təsdiq edilir.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda erkən orta əsrlər dövrü incəsənətinin maraqlı növlərindən olan bu sənət sahəsinin çoxsaylı nümunələri qorunur. Bunlardan biri 1938-ci ildə arxeoloq Yevgeni Paxomovun İsmayıllı rayonu Qalagah kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı küp qəbirdə tapdığı, nəfisliyi ilə seçilən badədir. Açıq yaşıl rəngli bu şüşə badə üstdən aşağıya doğru maili qabartmalarla bəzədilmişdir.