Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Böyük azərbaycanlı” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin ərazi təşkilatının və Yeni Azərbaycan Partiyası Səbail rayon yerli təşkilatının üzvləri, tədqiqatçı-alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP “Azərbaycan tarixçiləri ilk ərazi təşkilatı”nın sədri, t.ü.f.d., dosent Bəhman Kərimov açaraq, tədbirin əhəmiyyəti barədə çıxış edib.
Bəhman Kərimov qeyd edib ki, Azərbaycanda muzey işinə dövlət qayğısı və diqqət Ulu Öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub.
Tədbir muzeyin əməkdaşları- aparıcı elmi işçi, t.ü.f.d., dosent Əli Fərhadovun “Heydər Əliyevin fəaliyyətində Cənubi Azərbaycan mövzusu”, Numizmatika fondunun müdiri t.ü.f.d. Aygün Məmmədovanın “Heydər Əliyevin xatirəsinə həsr edilmiş sikkələr”, muzeyin baş mütəxəssisi Pərvanə Əzimovanın “Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq” adlı məruzələri və Partiyanın üzvlərinin çıxışları ilə davam edib. Foto-slaydlarla müşayiət olunan məruzələrdə tarixi məlumatlara və mövcud faktlara əsasən dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salınıb.