Bu gün İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupunun rəhbəri olmuş azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) anadan olmasından 104 il ötür.
Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci il dekabr ayının 22-də Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.
1941-ci ilin avqustunda orduya çağırılıb. Mehdi Hüseynzadə Tiflis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib. Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Hüseynzadə Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.
1943-cü ilin sonlarında Mehdi Hüseynzadə bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçaraq, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. O, xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib. Partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsü, çoxlu faşist avtomaşını sıradan çıxarılıb.
1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi sursat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. “Mixaylo”ləqəbli igid partizan çoxlu qan itirərək həlak olub.
1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondu, Hədiyyələr və Xatirə əşyaları fondu və Təsviri materiallar fondunda Mehdi Hüseynzadənin şəxsi əşyaları, geyimləri, rəssamlıq ləvazimatları, rəsm əsərləri, sənədləri qorunur. Qeyd edək ki, Mehdi Hüseynzadə hərbiçi olmaqla yanaşı, həm də gözəl rəssamlıq və şairlik fitri istedadına malik olub. Buna bariz nümunə olaraq M.Hüseynzadənin muzeyin fondlarında qorunan rəsm əsərlərini və şeirlərini təqdim etmək olar.