XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
25 Dekabr, 2022
Akademik Nailə Vəlixanlını doğum günü münasibəti ilə təbrik edirik

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının doğum günüdür.

Nailə Məmmədəli qızı Vəlixanlı 1940-cı il dekabr ayının 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanovun ailəsində anadan olub. 1948-1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində əmək fəaliyyətinə başlayıb.

1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru olan Nailə Vəlixanlı 2007-ci ilin aprel ayında AMEA-nın həqiqi üzvü və vitse-prezidenti seçilib.

Nailə Vəlixanlı Azərbaycanda tarix və şərqşünaslıq elmlərinin inkişafında, eləcə də muzeyşünaslıq sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2018-ci ilin iyun ayında Nailə Vəlixanlı “Abbasqulu ağa Bakıxanov adına mükafat”la təltif olunub. 2018-ci ilin noyabr ayının 25-də İpəkyolu Beynəlxalq Muzeylər Alyansının vitse-prezidenti, 2019-cu ilin oktyabr ayının 17-də ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinə üzv seçilib. Elə həmin ildə Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və beynəlxalq “Qızıl Ulduz” medalı ilə, daha sonra isə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. Həmçinin, 2021-ci il dekabrın 22-də dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə, Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa İli”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AMEA Rəyasət Heyətinin  08 dekabr 2022-ci il tarixli qərarı ilə Fəxri Fərman ilə təltif olunub. 

Ərəb Xilafətinin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi; orta əsr mənbələrinin tədqiqi, təhlili, nəşri; regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası; Azərbaycan tarixinə dair muzey materiallarının tədqiqi ilə məşğul olan akademik Nailə Vəlixanlı bir sıra dəyərli monoqrafiyaların, elmi əsərlərin müəllifidir.

Xatırladaq ki, tarixçi alim Nailə Vəlixanlı 2020-ci ildə işğal altında olmuş ərzilərimiz uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı da öz əməyini əsirgəməyib. Belə ki, tədqiqatçı alim N.Vəlixanlı MDB ölkələri, Gürcüstan və Ukraynanın tarixçi-alimlərinə, həmçinin beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı tarix institutlarına və tarix profilli muzeylərinə erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğuna dair müraciət ünvanlayıb. Həmçinin, Vətən müharibəsi iştirakçılarının materiallarının toplanılması və qorunması məqsədilə muzeyin baş direktoru Nailə Vəlixanlının təşəbbüsü ilə muzeydə yeni Vətən müharibəsi fondu da yaradılıb.

Muzey kollektivi adından Nailə xanımı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, elmi yaradıcılığında, şəxsi və iş həyatında yeni uğurlar arzulayırıq.