Bu gün, 10 yanvar 2023-cü il tarixində tanınmış publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında hazırlanmış “Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimat mərasimi keçirildi.
Tədbirdə tədqiqatçı-alimlər, muzey əməkdaşları, KİV və müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqlara tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik qeyd edib ki, “Milli Azərbaycan Tarixi Muzeyinin fondları hər il xalqımızın tarixinin və mədəniyyətinin müxtəlif səhifələrini əks etdirən yeni materiallarla zənginləşir. Muzeyin yeni nəşrinə daxil olan Ömər Faiq Nemanzadəyə aid fotoşəkillər dövrün tarixinin öyrənilməsi baxımından maraq kəsb edir. Bəzi şəkillərdə əhəmiyyətli tarixi hadisələr əks olunub”.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçiləri olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar daxildir.
Tədqiqatçı-alim Fərhad Cabbarov çıxışında bildirib ki, “oxucuların diqqətinə təqdim olunan nəşrdə, təkcə Ö.F.Nemanzadənin və onun ailə üzvlərinin deyil, həmçinin, Azərbaycanın ictimai həyatında, təhsil və maarifində xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə də rast gəlinir. Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, həmçinin, Şəfiqə xanım Əfəndizadənin, Məmmədzəki və Münirə xanım Dursunzadələrin bəzi fotoları da ilk dəfə məhz bu albomda nəşr olunub. Fotoalbomun ərsəyə gəlməsi Ömər Faiq Nemanzadənin öyrənilməsi, dövrünün tədqiqatı baxımından bir təkan oldu.”
Sonra prof. Solmaz Rüstəmova-Tohidi, Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov, nəticəsi Ülviyyə Pepinova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsinin müdiri İradə Musayeva, t.ü.f.d. Kamran İsmayılov Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı barədə ətraflı çıxış etdilər və bildirdilər ki, Ömər Faiq Nemanzadə Azərbaycanın, eləcə də bütün türk dünyasının ictimai-siyasi fikir tarixində silinməz iz qoyub. Həmçinin, qonaqlar fotoalbomun ərsəyə gəlməsində muzey rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə fotosu çəkildi və qonaqlar muzeyin yeni nəşri olan “Ömər Faiq Nemanzadə” adlı fotoalbomla tanış oldular.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.