13 yanvar 2023-cü il tarixində muzeydə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Nadir oğlu Əkbərovun şəxsi əşyalarının muzeyə təqdim olunması ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, tədbirin əhəmiyyətini vurğlayıb və şəhid Orxan Əkbərovun qəhrəmanlığı, onun şücaəti, Vətənə xidməti barədə çıxış edib. Tədqiqatçı-alim çıxışında şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə görülən fəaliyyətlərdən söz açıb. Həmçinin, Fərhad Cabbarov Orxan Əkbərovun şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərdiklərinə görə şəhidin ailəsinə öz minnətdarlığını bildirib və qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını, gələcək nəsillərə ötürüləcəyini xüsusi vurğulayıb.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun əmisi Yusif Əkbərov, döyüş yoldaşı, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Azər Baxşəliyev, həyat yoldaşı Nuranə Əkbərova, “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” adlı kitabın müəllifləri- “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, baş readaktorun müavini Elçin Məmmədli, Milli Müdafiə Universitetinin professoru Nurulla Əliyev, “Ting” nəşriyyat evinin direktoru, Yazıçılar İttifaqının üzvü, yazıçı Çinarə Köçərli Orxan Əkbərovun həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı çıxış ediblər. İştirakçılar, həmçinin, tədbirin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid Orxan Əkbərova həsr olunmuş videoçarxlar nümayiş olunub.
Tədbirin bədii hissəsində isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri- Yusif Məmmədov, Vüsalə Babayevanın ifasında “Xarıbülbül kompozisiyası” və Mətləb Ağayevin ifasında “Zəfər yolu” mahnısı səsləndirilib.
Tədbirin sonunda şəhid Orxan Əkbərovun ailə üzvləri onun şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdilər və muzey rəhbərliyinə öz minnətdarlığını bildirdilər. Eyni zamanda, Asif Mərzili və Elçin Məmmədli müəllifi olduqları “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” adlı kitabı muzeyə hədiyyə etdilər.
Sonda xatirə fotosu çəkildi və qonaqlar muzeydə nümayiş olunan “Xarıbülbülün vətəni- Şuşa” sərgisini ziyarət etdilər.