Keçmiş məişətdə yüksək tərtibatla hazırlanmış pul kisəsi, saat qabı, daraq və daraq qabı, sürmədan qovluğu, ətir qabı və gül torbaları, müxtəlif növ çantalar, yelpiklər, kişi özünəqulluq vasitəsi olan bıgbağılar və saqqal darağından geniş şəkildə istifadə olunmuşdur. Məişətdə istifadə edilən bu kimi aksessuarlar arasında pulqabılar da mühüm yer tuturdu. Belə ki, Azərbaycan ərazisinin ticarət əlaqələrinin intensiv olduğu coğrafi mövqedə yerləşməsi pul dövriyyəsinin aktiv olmasına şərait yaratmışdır. Pul dövriyyəsində uzun müddət metal pulların istifadəsi nəticəsində pulqabılar daha çox torbaşəkilli hazırlanırdı. Lakin kağız pulların dövriyyəyə girməsi pulqabıların da yeni formalarının yaranmasına rəvac vermişdir. Toxuma üsulu ilə hazırlanan, daha çox muncuqlarla bəzədilən nümunələr kimi, kağız pullar üçün olan pulqabılar da qadınların incə zövq və qədim inanclara söykənən təxəyyülünün nəticəsi olaraq ərsəyə gəlirdi. Muzeyin Etnoqrafiya fondunda mühafizə edilən təqdim etdiyimiz pulqabı dəri və məxmər materialdan hazırlanıb. Özündə tikmə və toxuma sənəti növlərini, keçmiş dini dünyagörüşünün incəliklərini birləşdirən bu pulqabı üzərində ən qədim bəzək üsulu olan qondarmadan və öz dəbdəbəli görünüşü ilə seçilən güləbətindən istifadə edilib. Həmçinin, üzərində qədim türk mifologiyasının ünsürlərindən olan tısbağa və Humay ana təsvirləri eksponata xüsusi gözəllik vermişdir.
Eksponat XIX əsrin sonu-XX asrin əvvəllərində Azərbaycanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafını izləməklə yanaşı, həm də xalqımızın bu nümunələrə olan maraq və tələbatını öyrənməkdə qiymətli mənbədir.