Bu gün Azərbaycan Cümhuriyyətinin Milli Şurasının sədri, XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Axund Hacı Molla Ələkbər oğlu Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. O, Bakı Texniki məktəbində təhsil alıb. Lakin təhsilini yarımçıq qoyaraq, siyasi fəaliyyətə başlayıb. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ildən Məhəmməd Əmin Rəsulzadə o zaman Azərbaycanın ən böyük siyasi qüvvəsi olan "Müsavat" partiyasının lideri olub. Milli istiqlal hərəkatımızın və müsəlman Şərqində ilk respublika üsul-idarəsi olan Azərbaycan Cümhuriyyətinin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurulduğunu bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan cümhuriyyəti hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu. Lakin Azərbaycan Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşdi. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat etdi.
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən çox saylı eksponatlar qorunur. Həmin dəyərli materiallar Azərbaycan Cümhuriyyəti və mühacirət dövrü tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir. Bu nümunələr arasından muzeyin Sənədli mənbələr fondunda mühafizə olunan M.Ə.Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə Türkiyədə yaşadığı dövrdə yazdığı məktublarını və Köməkçi materiallar fondunda qorunan fotoşəklini təqdim edirik.
Həmçinin, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin ictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi istiqamətində muzeydə bir çox əhəmiyyətli tədbirlər, konfranslar keçirilib.