XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
01 İyun, 2023
Azərbaycanın keçmiş deputatı Vladimir Timoşenko şəxsi əşyalarını muzeyə hədiyyə edib

Azərbaycanın keçmiş deputatı, ehtiyatda olan general-mayor Vladimir Timoşenko öz şəxsi əşyalarını (3 ədəd fotoşəkil, “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və vəsiqəsi (11.10.2022), Azərbaycan Respublikasının Milli Məclisin deputatı döş nişanı və vəsiqəsi, hərbi parad geyimi) Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Vladimir Vasilyeviç Timoşenko 1942-ci il 25 noyabr tarixində Ukraynada anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib. 1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib. Keçmiş SSSR-nin müxtəlif hərbi hissələrində xidmət göstərmiş, taborun, diviziyanın, korpusun siyasi şöbəsinin sədri olmuşdur. V.Timoşenko 1990-cı illərdə “Dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunub və ehtiyata buraxılıb. Hərbi fəaliyyətində göstərdiyi uğurlarına görə O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub. Azərbaycan vətəndaşı olaraq Respublikanın Hərbi qüvvələrinin quruculuğunda böyük əmək sərf etmiş və bu mövzuda dəfələrlə Ümummilli lider Heydər Əliyevlə görüşlər keçirmişdir. Qarabağ cəbhəsində ilk dəfə Beynəlmiləl Batalyonun yaradılması da onun adı ilə bağlıdır.

Vladimir Timoşenko həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib. Həmçinin, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vladimir Timoşenko “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova muzeydə V.Timoşenko ilə görüş təşkil etmiş və bu görüşdə səmimi söhbətdən sonra general-mayor şəxsi əşyalarını muzeyə təqdim etmişdir. Şəxsi əşyalarını muzeyə təqdim edərkən, Azərbaycanı doğma vətəni kimi sevən general-mayor Vladimir Timoşenko qeyd edib: “Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyi ilə cənnətdir”.