Şuşada nümayiş olunan şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi davam edir. Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və muzeyin direktoru, akademik Nailə Vəlixanlı iştirak edib.
Mir Möhsün Nəvvabın sərgidə Milli Azərbaycan Tarixi Muzeyində qorunan, XVIII–XIX əsrlərə aid Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası (14 ədəd), onun musiqi sahəsində fəaliyyətinin əks olunduğu 3 ədəd musiqi aləti (qaval, tar, kaman) və kiçik ölçülü portreti nümayiş olunur.
Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi bir vaxtlar onun minarəsinin ornamentlərini işlədiyi Yuxarı Gövhərağa məscidi ərazisindəki mədrəsə binasında ziyarətçilərin ixtiyarına verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.