İyunun 25-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Giriş sözü ilə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bugünkü iclasın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən şuranın yeni tərkibinin təsdiq olunmasından sonra ilk toplantısı olduğunu bildirdi və şura üzvlərini gündəlikdəki məsələlərlə tanış etdi. Daha sonra elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin 2023-cü ilin birinci yarımilində gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. O, bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında” sərəncamı ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı respublika elmi konfransı keçirilmişdir. Muzey əməkdaşları həmçinin respublikanın müxtəlif elmi və təhsil müəssislərində, dövlət qurumlarında Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilmiş konfrans, seminar, dəyirmi masa, müsabiqələrdə məruzə və təqdimatlarla çıxış etmiş, kütləvi informasiya vasitələrinə müsahibələr vermiş, respublika və xarici mətbuatda Ümummilli liderin fəaliyyəti ilə bağlı məqalələr dərc etdirmişlər. “Heydər Əliyev İli” çərçivəsində muzeydə məktəblilər üçün seminar, ustad dərslər, sərgi-müsabiqə təşkil olunmuşdur. F.Cabbarov məlumat verdi ki, muzey kollektivinin hesabat dövründə əsas fəaliyyəti yeni ekspozisiyanın qurulmasına yönəlmişdir. Hal-hazırda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi başa çatıb, etiketajların hazırlanması və son tamamlanma işləri aparılır. Bununla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları muzeydən kənar keçirilən sərgilərdə də nümayiş olunmuşdur. Ötən ilin son günlərində Azərbaycan Milli İncəsənət Muzeyində açılmış və hazırda davam edən Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Tək inci”, həmçinin cari il mayın 10-da Şuşa şəhəri Dövlət Qoruğu İdarəsində açılmış Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgilərdə muzeyin kolleksiyasından olan materiallar təqdim olunmuşdur. Bundan əlavə Milli Azərbaycan Tarixi Muzeyi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC-nin “Suraxanı” gəmi-muzeyi arasında bağlanmış memoranduma uyğun olaraq, muzeyin kolleksiyasında qorunan sualtı arxeologiyaya aid materiallar martın 17-də gəmi-muzeyinin ekspozisiyasında açılmış sərgidə nümayiş edilir. Həmçinin 18 may – Beynəlxalq muzeylər gününə həsr olunmuş “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində xaricdə yaşayan azərbaycanlı və əcnəbi uşaqların muzeyin kolleksiyasında qorunan eksponatlar əsasında çəkdikləri rəsm əsərlərinin onlayn sərgisi keçirilmişdir. Hesabat dövründə muzey əməkdaşları müxtəlif mövzularda monoqrafiyalar və kataloqlar üzərində tədqiqatlar aparmışlar. Həmin əsərlərin mənbə bazasını muzeyin kolleksiyasında saxlanılan materiallar təşkil edir. Muzey əməkdaşlarının 10 elmi, 1 elmi-populyar məqaləsi, 4 məruzəsi çap olunmuşdur. Xarici elmi jurnallarda çıxan məqalələrin sayı 2-dir və onların hər ikisi impakt faktorlu jurnallarda çap olunub. Daha sonra F.Cabbarov məlumat verdi ki, yanvar ayından etibarən Mədəniyyət Nazirliyi tərəfindən muzeyin fondlarında inventarlaşdırma işlərinə başlanılmış, hal-hazırda fondda iş davam edir. Tarixi Əşyaların Fond-Satınalma Komissiyası tərəfindən muzeyə 834 material qəbul olunmuşdur. 2023-cü ilin birinci yarısı ərzində muzeyin Bərpa laboratoriyası tərəfindən 1029 muzey eksponatı bərpa və konservasiya edilmişdir. Elmlə təhsilin əlaqələrininin genişləndirilməsi işi çərçivəsində yarımil ərzində İnnovasiyalar və təhsil proqramları şöbəsi ölkənin 28 təhsil ocağı ilə əlaqələr qurmuş, birgə tədbirlər həyata keçirmişdir. Yarımil ərzində muzey bələdçiləri tərəfindən 1018 ekskursiya aparılmış, 12000 nəfər muzey ekspozisiyasını ziyarət etmişdir (iyunun 20-nə olan məlumat). Muzeyin beynəlxalq əlaqələrinə toxunan məruzəçi Qırğızıstan Milli Tarix Muzeyi ilə anlaşma memorandumunun imzalandığını diqqətə çatdırmışdır. Cari yarımildə muzey əməkdaşları xaricdə (Türkiyə, Almaniya, Qırğızıstan, Rusiya, Gürcüstan, Ukrayna, İtaliya, Fransa və digər ölkələrdə) onlayn və əyani formatda keçirilmiş 20 beynəlxalq konfransda iştirak etmişlər. Məruzə ətrafında aparılan müzakirələr nəticəsində muzeyin yarımillik hesabatının təsdiq edilməsi qərara alındı. Daha sonra gündəlikdə duran digər məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.