6 oktyabr 2023-cü il tarixində Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Geologiya, Neft və Qaz Muzeyinin birgə təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı beynəlxalq fotosərginin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi- müşavir-elçi İsmayıl Əsədov, “SOCAR RUS” şirkətinin baş direktoru Rüfət Mahmud, XTNS “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova, Xanti-Mansiysk Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) direktoru Aleksandr Pankov iştirak edib. Eyni zamanda muzeyin Eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova Milli Azərbaycan Tarixi Muzeyini təmsil ediblər.
Qonaqlar sərginin açılışı zamanı tədbirin əhəmiyyəti haqqında çıxış edərək qeyd ediblər ki, “Biz muzey layihəsini böyük qürur hissi ilə təqdim edirik. Vaxtilə məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin Azərbaycan-Rusiya neft sənayesinin birgə inkişafında böyük xidmətləri olub”.
XTNS “Azərbaycan” pavilyonunda H.Z.Tağıyevə həsr olunmuş sözügedən sərgi də mühüm missiyanı yerinə yetirərək, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Sonda S.Qədirova sərginin yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdikdən sonra xüsusi olaraq vurğulayıb: “Ümid edirik ki, bu sərgi ziyarətçilər üçün keçmişə maraqlı səyahət olaraq, Azərbaycanla yanaşı, bütün müsəlman dünyasında və Rusiyada ən məşhur, hörmətli neft maqnatlarından birinin nailiyyətlərinin əhəmiyyətini daha yaxşı anlamağa kömək edəcək”.
Sərginin ilk ziyarətçilərindən biri olmuş Rusiya Rəssamlıq Akademiyasının akademiki, dünyaca məşhur rəssam Nikas Safronov isə belə bir sərginin əhəmiyyətini, onun mədəni-tarixi potensialını müsbət qiymətləndirib və kolleksiyanın qorunmasında xidmətləri olan Milli Azərbaycan Tarixi Muzeyinə təşəkkürünü bildirib.
Sonra muzeyin əməkdaşları tərəfindən tədbirin fəxri qonaqlarına Milli Azərbaycan Tarixi Muzeyinin H.Z.Tağıyevə və Azərbaycanın neft tarixinə aid nəşrləri hədiyyə edilib.
Qeyd edək ki, sərgidə muzeyin dəyərli kolleksiyasından olan Hacı Zeynalabdin Tağıyevin ailəsi ilə birlikdə və neft mədənlərində çəkilmiş 50-dən çox arxiv fotoşəkillərinin böyüdülmüş reproduksiyaları yer alır.
Beynəlxalq sərgi 2024-cü ilin aprel ayına kimi davam edəcək.