XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
12 Oktyabr, 2023
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib

9-13 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatı, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin və bir sıra beynəlxalq qurumların (İCCROM- Mədəni Mülkiyyətin Qorunmasının və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz, ICOMOS- Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura, UNESCO- Ümumdünya İrs Mərkəzi, İdarənin üzvü olduğu OWHC- Ümumdünya İrs Şəhərləri Təşkilatı, NEMO- Avropa Muzey Təşkilatları Şəbəkəsi) təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans keçirilir. Konfransa muzeyin direktoru, akademik Nailə Vəlixanlı fəxri qonaq qismində qatılmışdır.

Plenar iclasdan sonra müxtəlif sessiyalar üzrə məruzələrin dinlənilmə zamanı muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov ColSys – Digital scientific passporting system of museum artifacts (on the example of the National Museum of History of Azerbaijan) (Kolsis (ColSys)- rəqəmsal elmi pasportlaşdırma sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)) adlı məruzə ilə çıxış edib. Tədqiqatçı E.Dadaşov məqaləsində qeyd edib ki, 2020-ci ilin yanvar ayından başlayaraq, Milli Azərbaycan Tarixi Muzeyinin bütün fondlarında, həmçinin kitabxana və laboratoriyasında Kolsis (ColSys) proqramı əsasında pasportlaşdırılma işləri aparılır və mərkəzi sistemdən idarə olunan bu proqramda eksponatlar haqqında bütün məlumatlar öz əksini tapır. Konfrans iştirakçıları tərəfindən məruzə maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və verilən suallar müəllif E.Dadaşov tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, hazırda sözügedən konfrans öz işini müxtəlif panel sessiyaları üzrə davam etdirir.