9-10 oktyabr tarixlərində Sankt-Peterburq şəhərində (Rusiya Federasiyası) "A.S. Popov adına Mərkəzi Rabitə Muzeyi" Federal Dövlət Büdcə Təşkilatının dəstəyi ilə Poçt və filateliya tarixinə həsr olunmuş “Poçt yazışmaları yerli tarix tədqiqatları üçün sənədli mənbə kimi” adlı XIV beynəlxalq elmi-praktik seminar keçirilib. Seminara bir sıra MDB ölkələrindən filateliya və filokartiya üzrə çalışan mütəxəssislər qatılıb. Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Fuad Ağayev sözügedən seminarda “Poçt açıqcası XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlləri Bakı şəhərinin tarixini öyrənmək üçün mənbə kimi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məruzə ilə çıxış edib (onlayn).
Qeyd edək ki, məruzə muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşovun həmmüəllifliyi ilə hazırlanmışdır. Məruzədə açıqcaların tədqiqi əsasında Bakı şəhərinin qeyd olunmuş tarixi dövrünün müxtəlif aspektləri araşdırılır (iqtisadi tarix, sosial həyat, təhsil sisteminin inkişafı, əhəmiyyətli tikililər və s.). Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.