Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. 1923-cü il 29 oktyabr tarixində Türkiyə Milli Azadlıq Hərəkatının lideri Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərək, Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu. 1925-ci ildə bu günün Türkiyə Cümhuriyyətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olundu.
Bu tarixi əhəmiyyətli bayram təkcə qardaş Türkiyə üçün deyil, bütün türk dünyası üçün, o cümlədən Azərbaycan üçün bir qürur mənbəyidir. Çünki güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunun ən bariz nümunəsi 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsində Azərbaycan-Türkiyə birliyi olmuşdur.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan, Mustafa Kamal Atatürkün Azərbaycan SSR-in Türkiyədəki ilk diplomatı olmuş İbrahim Əbilova yadigar olaraq xatirə sözləri yazdığı və imzaladığı fotoşəklini təqdim edirik. Bildiyimiz kimi Mustafa Kamal Atatürk hər zaman İbrahim Əbilova qarşı dostluq, qardaşlıq münasibəti bəsləmişdir. Fotoşəklin arxa hissəsində yazılmış “Azərbaycanın möhtərəm səfiri, qardaşım İbrahim Əbilova. 28 oktyabr 1921. Ankara” sözləri bunu bir daha sübut edir. Onu ən etibarlı adamı kimi Türkiyə ordusunun böyük hücum hazırlıqları dövründə ön cəbhəyə dəvət etməsi, döyüş diviziyaları ilə tanış etməsi, zabitlərlə görüşdürməsi, həmçinin onunla məsləhətləşməsi də Mustafa Kamal Atatürk ilə İbrahim Əbilov arasında dostluq münasibətlərinin yüksək dərəcədə olmasından xəbər verir.
Bundan başqa 1921-ci ildə İbrahim Əbilovun Mustafa Kamal Atatürklə birgə və həmin tarixdə Azərbaycan hökumətinin Türkiyədəki daimi nümayəndəliyinin binasında, iş masası arxasında çəkilmiş fotolarını təqdim edirik.
Qeyd edək ki, sözügedən dəyərli eksponatlar muzeyin yeni ekspozisiyasında ziyarətçilər üçün nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.