XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
30 Oktyabr, 2023
Muzeyin əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

2023-cü il 24-26 oktyabr tarixlərində Türkiyənin Aydın şəhərində “Balkan, Qafqaz və Türküstan coğrafiyası sənət, tarix və folklor” adlı III beynəlxalq konqres keçirilib (prof. dr. Rubin Zemon armağanı). Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Ukrayna, Albaniya, İran, Türkmənistan, Rusiya,  Moldova, Hindistan tədqiqatçıları, alimləri, mədəniyyət nümayəndələri müxtəlif mövzularla iştirak ediblər (əyani və onlayn). Konqresdə  Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dos. Həbibə Əliyeva “Qarabağda türk və islam memarlığı ənənəsi: keçmişdən bu günə – Ağdam” (əyani), Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov "Əhməd Ağaoğlunun yaradıcılığında Şərq-Qərb qarşıdurması və Türkiyə amili" (onlayn), Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova “Muzeylər sosial-mədəni maarifləndirmənin bir hissəsi kimi (Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətləri əsasında)” (əyani) adlı məruzələrlə çıxış ediblər (fotoslaydın müşayiətilə türk və ingilis dillərində). Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib və verilən suallar ətraflı cavablandırılıb.

Konqres iştirakçılarının çıxışları bitdikdən sonra beynəlxalq sərgi zalı ziyarət olunub. Sərgidə bir sıra ölkələrin əl işləri ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Əjdər Qafarovun rəsm əsəri də yer alıb.

Konqres materialları nəşr ediləcək.