Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin hərbi gücü ilə üç il əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda başlamış Vətən Müharibəsində işğalçı ölkə Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, ordumuzun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə yol açdı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsinin, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından tarixi əhəmiyyət kəsb edən bu şanlı qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Qeyd edək ki, 2021-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində tarixi qələbəmizin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılmış Vətən müharibəsi fondunda qorunan materialların, şəhidlərimizin, qazilərimizin şəxsi əşyalarının sayı 3000-i keçmişdir.
Əlamətdar günlə bağlı muzeyin Köməkçi tarixi fənn materialları fondunda qorunan, 2020-ci il Vətən Müharibəsi qələbəsindən sonra müharibə iştirakçılarının göstərdikləri qəhramanlığa görə təsis edilmiş müxtəlif statuslu orden və medalları (“Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Qarabağ” ordeni, “Zəfər” ordeni, “Döyüşdə fərqlənməyə görə” medalı, “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına” görə medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Ağdamın azad olunmasına görə” medalı, “Laçının azad olunmasına görə” medalı) təqdim edirik. Sözügedən medallar “Azərsuvenir” MMC tərəfindən muzeyə hədiyyə edilmişdir.
Vətən müharibəsini əks etdirən eksponatlar muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Milli Azərbaycan Tarixi Muzeyi adından xalqımızı bu böyük Zəfər Günü münasibətilə təbrik edir, dövlətimizin daima qüdrətli olmasını, xalqımızın firavan yaşamasını arzulayırıq.